Avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq. Meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da baş verəcək.
Sesxeber.com bildirir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
“Meteor yağışının maksimum intensivliyi saatda təxminən 150 meteor təşkil edir. Bu göstərici tam qaranlıq səma və radiantın müşahidəçinin düz başı üzərində yerləşdiyi ideal şərait üçün hesablanır. Bakı şəhərində radiant maksimum 69° hündürlüyə qalxdığından və hava şəraiti əlverişli olduqda müşahidəçilər saatda təxminən 140 meteor görə bilərlər. Perseid meteor yağışını izləmək üçün teleskop və ya binokl tələb olunmur. Ən yaxşı müşahidə nəticəsi əldə etmək üçün şəhər işıqlarından uzaq, qaranlıq müşahidə məntəqəsi seçmək lazımdır. Əlverişli hava şəraiti olduğu halda avqustun 12-dən 13-nə keçən gecə və xüsusilə sübhə yaxın saatlarda müşahidəçilər onlarla, hətta yüzdən çox meteor görə biləcəklər.
2026-cı ildə Perseid meteor yağışının maksimumu Yeni Ay fazasına təsadüf edir. Ay işığının olmaması səmanın kifayət qədər qaranlıq olmasını təmin edəcək və meteorların müşahidəsinə demək olar ki, mane olmayacaq. Bu səbəbdən 2026-cı il Perseid meteor yağışının son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur”, – məlumatda qeyd olunub.