Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur.
Milli mətbuatın əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. Cəmi 56 sayı çap olunsa da, qəzet Azərbaycan milli mətbuatının formalaşmasında və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayıb.
Müstəqillik dövründə mətbuatın inkişafı istiqamətində mühüm addımlar atılıb. 1998-ci ildə dövlət senzurasının ləğvi söz və mətbuat azadlığının inkişafına təkan verib. Sonrakı illərdə media sahəsində islahatlar davam etdirilib, 2021-ci ildə Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.
Azərbaycan mediası xüsusilə Vətən müharibəsi dövründə informasiya cəbhəsində fəal iştirak edərək ölkənin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verib. Hazırda da milli media Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirir.