Milli Məclisin növbəti plenar iclasında Gömrük Məcəlləsinə dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Yeni dəyişikliklərə əsasən, ölkəyə idxal olunan və barəsində texniki reqlamentlər, eləcə də istinad edilmiş standartlar qəbul edilən mallar üçün “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq verilmiş uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınan xarici uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməlidir.
Qanun layihəsinə görə, həmin sənədlər malların gömrük rəsmiləşdirilməsi zamanı müvafiq qaydada yoxlanılacaq.
Bununla yanaşı, yeni tələblərin tətbiqi dərhal qüvvəyə minməyəcək. Belə ki, bu qaydalar yalnız müvafiq texniki reqlamentlərin və onlara aid istinad edilmiş standartların hər ikisinin qüvvəyə minməsindən iki il sonra idxal olunan mallara şamil ediləcək.