İngiltərənin Qlosterşir qraflığının Çeltnem şəhərində yaşayan 97 yaşlı Betti Bromeyc qeyri-adi rekord müəyyənləşdirib.
Sesxeber.com bildirir ki, son on ildə o, artıq altı belə uçuş həyata keçirib.
Betti Bromeyc “wing walking” – uçuş zamanı təyyarənin qanadı üzərində dayanmaq üzrə Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı qadını kimi öz rekordunu yeniləyib. O, bu rekordu ilk dəfə dörd il əvvəl müəyyənləşdirmişdi.
Təqaüdçü qadının sözlərinə görə, ötən il insult keçirib və hətta xəstəlik onun nitqinə təsir göstərib. Lakin o, yeni sınaqdan imtina etmək istəməyib.
“Əks halda, həyat mənim üçün sadəcə darıxdırıcı olardı. Mən maşın sürə bilmirəm, pis görürəm və bəzən kədərlənirəm. Buna görə hələ də etmək gücündə olduğum işi görmək istəyirəm”, – deyə Betti Bromeyc qeyd edib.
Britaniyalı qadın üçün ən çətin məqam qısaboylu olması səbəbindən qanadın üzərinə çıxmaq olub. O, uçuşun özünü attraksionlardan daha az qorxulu adlandırıb. Öz 100 illiyi üçün rekordçu qadın daha bir xüsusi sınaq hazırlamağı planlaşdırır.
Betti Bromeyc uçuşunu insultdan sonra müalicə aldığı Çeltnem xəstəxanası üçün vəsaitlərin toplanmasına həsr edib. İanələr tibb müəssisəsinin xəstələri və əməkdaşları üçün avadanlıqların alınmasına yönləndiləcək.