Vətən müharibəsindən bəhs edən “44” adlı tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, filmin ərsəyə gəlməsində iştirak edən peşəkar yaradıcı heyət, çəkiliş qrupu, aktyorlar və müxtəlif sahələr üzrə çoxsaylı mütəxəssislərlə birlikdə böyük bir yol qət edilib.
“Səbirlərinə, fədakarlıqlarına, həmrəyliklərinə və ümumi işə verdikləri töhfəyə görə onlara minnətdaram! Həmçinin bu müddət ərzində bizi xoş sözlərlə dəstəkləyən hər kəsə təşəkkürümüzü bildirmək istərdik, çünki layihə məsuliyyətli idi və onun həyata keçirilməsi heç də asan olmadı. Filmlə bağlı detalları və daha ətraflı məlumatı premyeraya yaxın bölüşəcəyik”, – A.Ələkbərov paylaşımında bildirib.

Filmdə İbrahim Çingiz, Özge Gürel, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Türkay Cəfərli, Mahir Dərviş kimi aktyorlar çəkiliblər.
Qeyd edək ki, 2025-ci il ərzində filmin çəkilişləri Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılıb.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə çəkilib.
