Yaponiyada son bir həftə ərzində anomal isti hava səbəbindən 14 nəfər ölüb, 10,8 min nəfər isə xəstəxanaya yerləşdirilib.
Sesxeber.com bildirir ki, bu barədə ölkənin Daxili İşlər və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.
Xəstəxanaya aparılanların əksəriyyətinə günvurma və yüksək temperaturun yaratdığı sağlamlıq problemləri diaqnozu qoyulub.
Qeyd olunub ki, isti hava dalğası səbəbindən təkcə Tokioda 261 nəfər günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu, 2022-ci ildən bəri bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir.Həmin gün təcili yardım çağırışlarının sayı da rekord həddə – 3454-ə çatıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına əsasən, Tokionun mərkəzində havanın temperaturu 36,4 dərəcə, ölkənin bəzi bölgələrində isə 40 dərəcəni ötüb. İsti hava nəticəsində Toçiqi prefekturasında 84 yaşlı kişinin həyatını itirdiyi bildirilir.
Səlahiyyətli qurumlar əhalini isti hava ilə əlaqədar ehtiyatlı olmağa və qoruyucu tədbirlərə əməl etməyə çağırıblar.